"Yaşıl dünya- sağlam dünya" adlı tədbir keçirilib
2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar məktəbimizdə də il ərzində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərdən biri də məktəbin psixoloqları Çinarə Həsənova və Nigar Kazımlının ideyaları əsasında "Yaşıl dünya- sağlam dünya" başlığı altında keçirilib. Məktəbin 6-cı sinifləri arasında müsabiqə formatında təşkil olunan tədbir əvvəlcə konfrans zalında baş tutub. İlk olaraq tədbiri giriş sözü ilə təşkilatçı müavin Anar Miriyev açaraq ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılmasının önəmindən bəhs edib, il çərçivəsində məktəbdə görüləcək işlər barəsində tədbir iştirakçılarına məlumat verib. Daha sonra 6B, 6Ç və 6D sinif şagirdləri səhnəcik, rəsm işi, slayd, maket nominasiyalarına uyğun olaraq öz fəaliyyətlərini ayrılıqda nümayiş etdiriblər. Ardınca məktəbin həyətyanı ərazisində ağacəkmə aksiyaları təşkil olunub. 6A və 6Ç sinfi aksiya çərçivəsində ağac və gül bitkiləri əkiblər. 6A sinfi tərəfindən əkilən ağaclar Şəhidlərimiz Anar Əliyev və Ülvi Rəfiyevə həsr olunub.Vətən Müharibəsi Qəhrəmanı Şəhid Anar Əliyevin həyat yoldaşı da tədbirdə iştirak edib. Ağaclardan birini şəhidin övladı sinfin şagirdi Əlizadə Əli məktəbin direktoru Kamran İsalı ilə birlikdə əkiblər. Həmçinin aksiyada şagirdlər şeir və mahnılar səsləndiriblər. Tədbirlərin yekununda təşkilatçıların yekun rəyləri əsasında nominasiyalar üzrə qaliblər müəyyənləşib. Belə ki, ağacəkmə nominasiyası üzrə 6A sinfi, ən yaxşı maket işi üzrə 6B sinfi, ən yaxşı səhnəcik və slayd üzrə 6Ç sinfi, ən yaxşı rəsm işi üzrə 6D sinfi qalib elan olunaraq məktəb rəhbərliyi tərəfindən təltif olunublar.