Vətən Müharibəsi Qəhrəmanı şəhadətə yüksəlməsinin ildönümündə yad edilib

Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin şəhadətə ucalmasının ildönümü münasibətilə 21 Oktyabr tarixində mərasim keçirilib. Mərasimdə qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhidin adını daşıyan məktəbin 6A sinfinin sinif rəhbəri Sevda Seyidova, şagird və valideynləri iştirak ediblər. Şəhidimizin məzarı üzərinə tər çiçəklər düzülüb. Tədbir iştirakçıları qəhrəmanın döyüş yolundan bəhs ediblər. Şagirdlər Vətənə həsr olunmuş şeir və mahnılar səsləndiriblər.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlanan zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xüsusi təyinatlı briqadanın komandiri idi. O, torpaqlarımızın düşməndən azad olunmasında iştirak etmək üçün komandanlığa müraciət edir. Oktyabrın 11-də ön cəbhəyə yollanan A.Əliyev Zəngilan, Cəbrayıl, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərə qatılır. Oktyabrın 21-də ona Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, “772 metr” yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilir. Döyüşçü yoldaşlarının dediklərinə görə, o, əvvəlcə, sağ qolundan, sonra isə gözündən yaralanır. Leytenant Adil Əfəndiyev ona ilk tibbi yardım edir. Bu zaman düşmən tərəfindən atılan güllə A.Əfəndiyevin ürəyinə dəyir, həmçinin əl qumbarası onların yaxınlığında partlayır. Hər iki komandir oradaca şəhadətə yüksəlirlər.

Anar Əliyev oktyabrın 25-də Bakıda II Fəxri xiyabanda torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”, Şuşa, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Şəhidin şəxsi əşyaları ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib. Gəncə şəhərinin Gülüstan qəsəbəsində müvəqqəti yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə A.Əliyevin adı verilib. Tərtər şəhərinin küçələrindən biri onun adını daşıyır. Məktəbimizin 6A sinfi də Anar Əliyevin adını daşıyır.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

Videonu izləmək üçün link: https://www.facebook.com/100089318029331/videos/704333281588239 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi