OCEP layihəsi çərçivəsində ilk tədbir keçirildi
Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə start verilən və ölkədə geniş vüsət alan Olimpiya Mədəniyyəti və Təhsil Proqramı - OCEP olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə ehtiva edir. 2022-2023-cü tədris ilindən məktəbimiz də seçilmiş məktəblər arasında olmaqla bu layihəyə qoşulub. OCEP çərçivəsində məktəbimiz Norveç məktəbləri ilə qardaşlaşıb və il ərzində iki ölkənin mədəni, iqtisadi, humanitar, idman, təhsil,səhiyyə və s. əlaqələrindən bəhs edən tədbirlərin təşkili nəzərdə tutulur. Bu silsilədən ilk tədbir 1 mart tarixində məktəbin Coğrafiya fənni üzrə metodbirləşmə sədri 7E sinif rəhbəri Əkbərova Xədicənin təşkilatçılığı ilə qeyd edilən sinifdə baş tutub. Şagirdlər Norveç haqqında bütün sahələri əhatə edən, həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələr barəsində məlumatlar təqdim ediblər. Həmçinin Norveç dilindən istifadə etməklə səhnəcik nümayiş etdiriblər, ölkənin milli rəqslərini ifa ediblər. Əlavə edək ki, tədbir zamanı Azərbaycan və Norveçi tərənnüm edən şagirdlərin əl işləri olan rəsm əsərləri və divar qəzetləri də nümayiş etdirilib.