"Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı tədbir keçirilib
2 Fevral tarixində məktəbin konfrans zalında "Heydər Əliyev ili" və Gənclər Günü münasibətilə tarix fənn metodbirləşmə sədri Əliyeva Şövqiyyənin və rus dili fənn metodbirləşmə sədri Seyidova Sevdanın təşkil etdiyi "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Heydər Əliyevin fəaliyyətindən və Gənclər Gününün yaranmasından bəhs edən videoçarxlar nümayiş etdirilib. Çıxış edənlər təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün əhəmiyyətini vurğulayaraq ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti barədə ətraflı məlumat veriblər. Həmçinin qeyd edilib ki, həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad edib. Həmçinin Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin rolundan danışaraq, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıblar. Daha sonra tədbir şagirdlərin ifasında səslənən şeir, mahnı və digər kompozisiyalarla davam edib.