“Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbir keçirilib

Məktəbdə “Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbirlərə start verilib. 24.01.2023-cü il tarixində məktəbin konfrans zalında bu istiqamətdə növbəti tədbir dəyirmi masa formatında keçirilib. Məktəbin psixoloqu Nigar Babayevanın mühazirə ilə çıxış etdiyi dəyirmi masada Uşaq Birliyi Rəhbəri Ətlas Rəhimova və məktəbin 8-ci sinif şagirdləri iştirak ediblər.

 

Məktəbin psixoloqu çıxış edərək bildirib ki, son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.

 

Daha sonra vurğulandı ki, çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Bəzi insanlar bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə bilməyi beləcə öyrəndiklərini düşünərək müdaxilə etməyin mənasız olduğunu hesab edirlər. Eyni zamanda bildirildi ki, Azərbaycanda bullinq əleyhinə heç bir qanun layihəsi işlənib hazırlanmayıb. Bullinq hallarının qarşısının alınması üçün bullinqə geniş izah verə biləcək və profilaktika məqsədilə müəyyən proqramların yaradılmasını tələb edəcək qanun layihəsinin hazırlanması və tətbiq edilməsi məktəblərdə bullinqin qarşısının alınmasına ən böyük yardım göstərmiş olardı. Bullinq şagirdlərin böyümə prosesində ən ciddi problem olub, dərin travma izləri buraxacaq davranışlardan biridir və onun qarşısının alınması məktəblərin və təhsil sisteminin qarşısında duran ən vacib məsələdir.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb. Tədbirdə həmçinin maarifləndirici materiallar məktəblilərə nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi