“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təşkil edilmiş tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2021-2022-ci tədris ilinin nəticələrinə görə, Binəqədi rayonu üzrə 205, Sabunçu rayonu üzrə 96, Xətai rayonu üzrə 95, Nərimanov rayonu üzrə 291 nömrəli Ekologiya liseyi, Pirallahı rayonu üzrə 231, Qaradağ rayonu üzrə 166, Suraxanı rayonu üzrə 279, Xəzər rayonu üzrə 120, Nəsimi rayonu üzrə 240,  Nizami rayonu üzrə 12, Səbail rayonu üzrə 239, Yasamal rayonu üzrə 53 nömrəli tam orta məktəblər Münsiflər heyəti tərəfindən qalib seçiliblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva qalibləri təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilir.

M.Vəliyeva ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, xəbərlərin mütəmadi yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu vurğulayıb.

Məktəb saytlarında operativliyin artırılmasından bəhs edən İdarə müdiri təhsil müəssisələrinə yeni məktəb saytı modelinin yaradılmasına dair layihələrlə çıxış etmələrini tövsiyə edib.

Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb və müsabiqənin təşkilinə görə təşəkkürlərini  bildiriblər.

Sonra müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsinə 2017-2018-ci tədris ilindən başlanılıb. Müsabiqə çərçivəsində hər tədris ili üzrə qaliblər bir dəfə seçilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi