“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə tədbirlərinə start verilib
Ölkəmizdə əhali, xüsusilə gənclər arasında insan alveri və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir. Məktəbimizdə də bu istiqamətdə görülən işlərin davamı olaraq, eləcə də, ölkəmizdə elan edilən "Uşaq hüquqları " aylığı çərçivəsində “İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə tədbirlərinə start verilib.
Layihə çərçivəsində növbəti tədbir 26 oktyabr 2022-ci il tarixində məktəbin konfrans zalında yuxarı sinif şagirdləri üçün keçirilib.
Məktəbin psixoloqları Çinarə Həsənova və Nigar Babayeva gənclər arasında aparılan maarifləndirmə işləri barədə məlumat verərək, layihənin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Həmçinin insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumat veriblər. Onlar şagirdlərə problemin aktuallığını qeyd edərək, insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar, eləcə də onların cəmiyyətə reinteqrasiya olunmasında psixoloji yardım amilinin əhəmiyyətini vurğulayıblar. Sonda tədbir iştirakçılarının mövzu ətrafinda sualları cavablandırılıb. İnsan alverinin qurbanı olma!” adlı layihə çərçivəsində tədbirlərin tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulmuşdur.