“Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş, 2022-ci il 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində məktəbdə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir.
Məktəbin rəhbər heyətindən Anar Miriyev, Ətlas Rəhimova, Çinarə Həsənova, Nigar Babayeva və "Məktəblinin dostu"nun nümayəndəsi müxtəlif siniflər üzrə şagirdlərə aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olduğunu bildiriblər. Maarifləndirmə zamanı şagirdlərə uşaq hüquqları, uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib, ayrı-seçkiliyin formaları və onunla mübarizə üsulları, uşaqların istismar, sui-istifadə, laqeyd rəftar və zorakılıqdan müdafiəsi, zərərli təsirlərdən mühafizə məsələlərinə toxunulub. Həmçinin uşaqların zərərli informasiyaların təsirindən qorunması üçün tədbirlərin vacibliyindən danışılıb.
Təlim uşaqların fəal iştirakı ilə keçirilib, onların fikirləri öyrənilib, uşaqları maraqlandıran suallar cavablandırılıb.
Keçirilən maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda Müvəkkilin iştirakı tövsiyə edilmiş tədbirlərin icrasına töhfə vermiş olur.
Aylıq çərçivəsində maarifləndirmə tədbirlərinin digər siniflərdə də davam etdirilməsi nəzərdə tutulub.