Məktəbdə "Son zəng" çalındı
Bu gün ölkənin bütün ümumtəhsil müəssisələrində olduğu kimi məktəbimizdə də "Son zəng" tədbiri keçirildi. Gözəl zövqlə bəzədilən məktəbin həyətində təşkil olunan mərasimdə məktəbin direktoru Rahim Novruzov, direktor müavinləri, müəllimlər, XI siniflərin sinif rəhbərləri, məzunlar və onların ailə üzvləri iştirak etdilər. Tədbirdə həmçinin Nizami Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Tural İsmayılov da qonaq qismində iştirak edirdi. Direktor müavini Anar Miriyevin hazırladığı ssenariyə uyğun olaraq baş tutan tədbir məzunların növbə ilə meydana gəlməsi ilə başladı. Daha sonra aparıcılar qonaqları və məzunları salamladı. Azərbaycan Respublikasının Dövlət Bayrağı marşın sədaları altında gətirildikdən sonra, Dövlət Himni səsləndirildi. Ardınca aparıcılar məktəbin illik fəaliyyəti və uğurları haqqında, eləcə də son zənglə bağlı məlumatlar verdilər, şeirlər səsləndirdilər. Məktəbin direktoru çıxış edərək məzunları təbrik etdi, onlara həyat yollarında uğurlar arzuladı. Məzunların ibtidai sinif müəllimlərinin də təbrikindən sonra birincilər rəngarəng çıxışları ilə onbirinciləri təbrik etdilər. Nəhayət səhnə məzunların ixtiyarına verildi. Sinif rəhbərləri öz ürək sözlərini çatdırdıqdan sonra onbirincilər bir-birindən zövqlü və maraqlı çıxışlar, kompozisiyalar, rəqs və mahnılarını qonaqlara nümayiş etdirdilər. Növbə "bilik açar"ının onunculara təhvil verilməsinə çatdı. Cəngi sədaları altında onbirincilər bilik açarını onunculara təqdim etdikdən sonra məktəblilər tərəfindən son zəng çalındı, göyərçinlər havaya buraxıldı. Bütün məzunların meydanda rəqs etmələri ilə tədbir başa çatdı. Qeyd edək ki, bu tədris ilində məktəbi 4 sinif üzrə 79 şagird bitirib məzun oldu. Bütün məzunları təbrik edirik!