“Məktəbdə...” layihəsi məktəbimizdə
“Məktəbdə...” layihəsi çərçivəsində növbəti görüş məktəbimizdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonaqları Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, sədr müavini Gülməmməd Məmmədov, katibi Rüfət Əsədzadə və Şura üzvü Pərvanə Məmmədova olub.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri G.Səfərova ölkənin tanınmış ziyalıları, maraqlı şəxslərlə məktəblilərin görüşünün təşkil olunmasını yüksək qiymətləndirib. Bildirib ki, belə görüşlər şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissini aşılayır, onları bilik və bacarıqlarını artırmağa həvəsləndirir, özlərini təsdiq etmək imkanı yaradır, ünsiyyət mədəniyyətinin formalaşmasına yardımçı olur.
Şura üzvləri G.Məmmədov, R.Əsədzadə və P.Məmmədova bu gün yeniyetmə və gənclərin ictimai həyatın müxtəlif sahələrindəki fəallıqlarını, öz bacarıqlarını inkişaf etdirmək üçün göstərdikləri səyləri yüksək qiymətləndiriblər.
Şagirdlərlə dialoq şəklində keçən görüşdə qonaqlar müəllim-şagird münasibətləri, yeniyetmələrdə ictimai məsuliyyət hissi, təşəbbüskarlıq, ixtisas seçimi, peşə sahələrinə yönəlməyə təsir edən faktorlar və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparıb, məktəbliləri düşündürən suallara aydınlıq gətiriblər.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.