“Şuşa! Sən azadsan!” filmi nümayiş olunub
2022-ci ilin Şuşa ili elan olunması münasibətilə məktəbdə silsilə tədbirlər təşkil olunur. 20.05.2022-ci il tarixində məktəbin akt zalıda “Şuşa! Sən azadsan!” filmi nümayişi olunub. Tədbirdə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, məktəbin psixoloqları Çinarə Həsənova və Nigar Babayeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Nümayişdən öncə çıxış edən direktor müavini Vətən müharibəsində qazanılmış Qələbədən danışıb. Bildirib ki, 44 günlük Zəfər yürüşü zamanı qazanılan parlaq Qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. O, qeyd edib ki, döyüşlər zamanı – noyabrın 8-də Qarabağın baş tacı olan Şuşa da düşmən tapdağından xilas olundu. Qəhrəman Azərbaycan oğulları Şuşaya məhz qayalıqlarla çıxaraq düşməni məhv edib. Azad olunan ərazilərdə indi tikinti abadlıq işləri geniş vüsət alıb və qısa müddətdə həmin ərazilərdə doğma sakinlər firavan həyata başlayacaq. Direktor müavini həmçinin Şuşa ili çərçivəsində məktəbdə təşkil olunan tədbirlərdən də bəhs edib.
Daha sonra “Şuşa! Sən azadsan!” filmi nümayiş olunub.
Qeyd edək ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan 44 günlük Vətən müharibəsinin həlledici mərhələsi olan “Şuşa əməliyyatı”nın diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunub. Filmdə Şuşa əməliyyatını həyata keçirən, Şuşa şəhərinin işğaldan azad edilməsində yüksək peşəkarlıq və qəhrəmanlıq göstərən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman “Xüsusi təyinatlılar”ımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.