Rus dili fənni üzrə metodbirləşmənin hesabat tədbiri keçirildi
Məktəbin akt zalında 12 May 2022-ci il tarixində rus dili fənni üzrə metodbirləşmənin hesabat tədbiri keçirildi. Tədbir məktəbin rus dili fənn müəllimi Sevda Seyidovanın təşkilatçılığı, ibtidai sinif müəllimləri Mehriban Hüseynova və Mehriban Ağayevanın dəstəyi ilə təşkil olunub. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, direktor müavinləri Natəvan Mustafayeva, Anar Miriyev, müəllimlər, şagirdlər və onların valideynləri iştirak ediblər. Xüsusi olaraq “Rus dilinin intensiv tədrisi” layihəsinin tətbiq olunduğu siniflərin də buraxılış tədbiri olduğuna görə tədbirin bədii hissəsində iştirak edən şagirdlərin əksəriyyəti həmin siniflərin şagirdləri olublar. Tədbiri açıq elan edən Seyidova Sevda metodbirləşmənin hesabatını təqdim edib, “Rus dilinin intensiv tədrisi” layihəsinin illik fəaliyyəti haqqında tədbiri izləyənlərə məlumat verib. Daha sonra səhnəyə şagirdlər dəvət olunublar. Onlar Vətənpərvərlik, tolerantlıq, tariximiz, mədəniyyətimiz, milli adət-ənənələrimiz, müxtəlif xalqların mədəniyyəti, tarixi haqqında Azərbaycan və rus dillərində məlumatlar veriblər, həmin mövzular üzrə müxtəlif rəqs və mahnılar ifa edərək tədbiri seyr edənlərdə xoş əhval-ruhiyyə yaradıblar. Eləcə də, tədbirin bədii hissəsinin xüsusi həsr olunduğu "İlin fəsilləri" mövzusuna uyğun olaraq kompozisiyalar təqdim ediblər. Həmçinin şagirdlərin əl işlərindən ibarət sərgi də nümayiş etdirilib. Məktəbin direktoru Rahim Novruzov və direktor müavini Anar Miriyev çıxış edərək tədbirin hazırlanmasına görə müəllimlərə , şagirdlərə və onların valideynlərinə minnətdarlıq ediblər. Sonda xatirə şəkli çəkdirilib.