"Cadenza" orkestrı məktəbimizin qonağı olub
Təhsil Nazirliyinin təşəbbüsü ilə "Cadenza" orkestrının paytaxt məktəblərinə səfərləri təşkil olunur. Bu dəfə 11 May 2022-ci il tarixində orkestr məktəbimizin qonağı olub, interaktiv konsert-görüş təşkil olunub. Tədbirdə məktəbin direktor müavini Anar Miriyev, ibtidai sinif müəllimləri Alməmmədova Mətanət, Vəliyeva Zərqələm, Sadıqova Gülər, Məmmədova Nuridə və ibtidai sinif şagirdləri iştirak ediblər. Orkestrın solistləri Orxan Hüseynov (violonçel), Mirxalid Məmmədzadə (fleyta), Toğrul Abdullayev (violin) və Samir Əsədov (konsertmeyster-dirijor, violin) məktəbin akt zalında ibtidai sinif şagirdləri ilə görüşüb, onlarla musiqi haqqında söhbət edib, musiqi alətləri ilə bağlı məlumat veriblər. Daha sonra orkestrin ifa etdiyi musiqilər şagirdlər tərəfindən böyük maraq və zövqlə izlənildi. Tədbir zamanı şagirdlər musiqi alətləri ilə əyani surətdə tanış olublar və həmin alətlərdə musiqiçilərin yardımı ilə ifa etməyi öyrəniblər. Həmin musiqi alətləri ilə ilk dəfə tanış olan balaca dostlarımızda musiqi ifaçılığı barədə ilkin təəssürat formalaşıb. Sonda Cadenza orkestri məktəbin rəhbərliyinə və kollektivinə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan musiqisi və ictimaiyyətinə xidmət etməyi özü üçün məqsəd qoyan Cadenza orkestri ölkəmizin şəhər və rayonlarında mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər, təhsil müəssisələrində təhsilin bütün pillələrinə uyğun tədbirlər təşkil etməyi nəzərdə tutur.