“Çempionumuz” sosial idman layihəsi çərçivəsində növbəti görüş məktəbimizdə keçirilib
11 Aprel 2022-ci il tarixində Nizami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq “Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində növbəti görüş məktəbimizdə keçirilib.
Layihənin məktəbimiz üzrə qonağı dünya və Avropa çempionu, yunan-roma güləşi üzrə gənclərdən ibarət milli komandanın böyük məşqçisi Həsən Əliyev olub.
Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri RGİİ-nin aparıcı məsləhətçisi Tural İsmayılov açıq elan edərək, “Çempionumuz” sosial idman layihəsinin mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Ardınca çıxış edən məktəbin direktor müavini Anar Miriyev tədbir iştirakçılarını və qonaqları salamlayaraq belə layihələrin təşkil olunmasının vacibliyini qeyd edib, ölkəmizdə idmanın inkişafı üçün çox gözəl şəraitin yaradıldığını və gənclərimizin yaradılan bu şəraitdən istifadə edərək sağlam, möhkəm iradəli, vətənpərvər bir gənc kimi yetişməkdə olduğunu diqqətə çatdırıb.
Tədbirdə Həsən Əliyevin idman fəaliyyəti haqqında videoçarx şagirdlərə təqdim olunub.Sonra Həsən Əliyev idman karyerası barədə dinləyicilərə məlumat verib, şagirdlərə idmanla məşğul olmağı, pis vərdişlərdən uzaq durmağı tövsiyə edib. Daha sonra idmançı şagirdləri maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.