Məktəbdə şagirdlərlə peşəyönümü istiqamətində görüş keçirildi
Peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsi vacibdir. Texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Bu inkiçaf peşə seçməli olan gənclərin seçim imkanlarının artmasına səbəb olur. Gənclərin peşə imkanlarını tanıtmaq üçün ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsindən başlayaraq peşəyönümü işinin sistemli təşkili son dərəcə vacibdir.
Peşəyönümü işinin aparılması və əmək bazarının tələblərinə uyğun ixtisaslar haqqında məlumatların ümumi təhsil müəssisələrinin şagirdlərinə çatdırılması məqsədilə 06 Aprel 2022-ci il tarixində “Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin kollektivi məktəbdə peşəyönümü fəaliyyət planına uyğun olaraq görüş keçirib. Görüşdə məktəbin şagirdlərinə mərkəzdə tədris olunan ixtisaslar, tədris, təlim və təcrübə prosesləri, mərkəzin işəgötürənlərlə və beynəlxalq əməkdaşlıq imkanları və məzunların karyerə imkanları haqqında məlumatlar dolğun şəkildə çatdırılıb, vieoçarxlar və slaydlar nümayiş etdirilib. Həmçinin şagirdlərə suallar verilib, onlarla əyləncəli oyun keçirilib. Şagirdlər fəal iştirak ediblər. Məktəbin 9B sinif şagirdi Emil Salahov həm sual-cavabda, həm də keçirilən oyunda ən yaxşı seçilib və şagirdə əməkdaşlar tərəfindən hədiyyələr təqdim edilib.