“Dünya Autizm Məlumatlandırma Günü” ilə əlaqədar tədbir keçirilib
1 aprel 2022-ci il tarixində məktəbin konfrans zalında “2 aprel – Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin psixoloqu Çinarə Həsənova, 3 "B" sinif rəhbəri Günel Məmmədova, “Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin psixoloqları Dilşad Məmmədli, Aygün Namazova, "Etalon AS" Tədris Mərkəzinin psixoloqu Ülviyyə Cəfərova, 17 saylı Uşaq Poliklinikasının nevropatoloqu Gülarə xanım, məktəbin həkimi Tahirə xanım və valideynlər iştirak edirdilər.
Tədbir iştirakçılarına psixoloqlar və həkimlər tərəfindən Autizm Günü ilə bağlı məlumat verilib. Bildirilib ki, 2 aprel tarixinin BMT tərəfindən Ümumdünya Autizm Günü kimi qəbul edildikdən sonra dünyada məşhur “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue” (“Mavi İşıqla İşıqlandır”) layihəsini həyata keçirib. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılaraq, 2 aprel tarixinin Ümumdünya Autizm Günü olduğu insanlara çatdırılır. Məqsəd əhali arasında autizmlə əlaqədar maarifləndirilməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.
Daha sonra autizmin əlamətləri, özünü göstərmə şəkli və autistik uşaqlarla davranış qaydaları haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.