Məktəbdə “Həyatla oyun” tamaşası nümayiş olunub
Azərbaycan Respublikası Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış birgə Tədbirlər Planına əsasən məktəbin akt zalında 02.03.2022 – ci il tarixində Bakı Uşaq Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşası nümayiş olunub.
Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün cox təsirli təbliğat vasitəsidir.
Tamaşada hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotik aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Bütün bu hadisələrin səbəbi və gənclərin sonrakı həyatı tamaşanın əsas sujet xəttini təşkil edir.
Tamaşa məktəbin müəllim heyəti və şagirdləri tərəfindən böyük maraqla qarşılanmışdır.