Gənclər günü münasibətilə məktəbin direktor müavini təltif olunub
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Qalib Azərbaycanın müzəffər gəncliyinin müstəqilliyin və dövlətçiliyin qorunmasında rolu və vəzifələri” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra konfrans iştirakçıları Azərbaycanda həyata keçirilən gənclər siyasətinə dair videoçarxa tamaşa ediblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Qarabağ Qaziləri ictimai birliyinin Nizami rayon şöbəsinin sədr müavini, Vətən Müharibəsi iştirakçısı Nicat Cəlilov, Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun həyat yoldaşı Röyalə Məmmədova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, 2 fevral – Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Qeyd olunub ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Çıxışlardan sonra bir qrup gənc fəxri fərmanlarla təltif olunub. Həmçinin, qazilərə və şəhid ailələrinin nümayəndələrinə Missiya Media Qrupunun hədiyyələri təqdim edilib.Təltif olunanlar arasında məktəbin tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev də olub.