Təhsil işçisinin təltifləri təqdim edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisinin təltifləri təqdim edilib.
Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Xüsusi missiya daşıyıcısı olan müəllimin üzərinə düşən vəzifələrin məsuliyyətindən söz açan BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsilin inkişafındakı xidmətlərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə cənab nazir Emin Əmrullayevin əmri ilə İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin təltif olunan müəllimlərini təbrik edib. İdarə müdiri ölkəmizdə təhsil işçilərinin fəaliyyətinə göstərilən diqqət və qayğıdan danışıb.
BŞTİ müdiri M.Vəliyeva qeyd edib ki, dövlət tərəfindən məktəbə, təhsilə, müəllimə yaradılmış şərait təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.
Daha sonra uğurlarına və səmərəli fəaliyyətinə görə fərqlənən təhsil işçilərinə, eləcə də Vətən Müharibəsində iştirak edən qazi müəllimlərə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı təqdim olunub.Təltif olunanlar arasında məktəbin direktor müavini Anar Miriyev də var.