Vətən Müharibəsi Şəhidinin doğum günü məktəbimizdə qeyd olundu
Bu gün fəxrlə söyləyə bilərik ki, 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçü əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, doğma Qarabağı qaniçənlərdən təmizləmək, mübarizə apardığımız haqq savaşı naminə canını fəda etməyə hazır idi və bu yolda bir yumruq tək birləşdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi yaddaşlara yazıldı. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.
İllər ötsə belə 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımızı hər zaman yad edəcəyik. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur.
44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran oğullarımızdan biri də şəhid əsgər Şəfizadə Saleh Samir oğludur. O, Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Vətən uğrunda medalları ilə təltif olunub. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Salehin 20 yaşı tamam olur. Bu münasibətlə Şəhidin doğum günü məktəbimizdə qeyd olundu. 7 "B" sinif rəhbəri Tamilla Sultanovanın sinfi məktəb rəhbərliyinin şəhid guşəsini yaratmaq təşəbbüsünə qoşularaq şəhidimizin guşəsini onun şəkli və məlumatları ilə birlikdə sinif otağının yanında yaratmışdır. Həmçinin müəllimənin rəhbərliyi ilə şagirdlər şəhidimizi yad edərək doğum günü münasibətilə onun haqqında məlumatlar vermiş, şeirlər səsləndirmişdir. Daha sonra tədbir şəhidimizin dəfn olunduğu Maştağa qəsəbəsi Şəhidlər xiyabanındakı məzarı önündə şəhidin ailəsinin iştirakı ilə davam etdirildi. Şəhid ailəsi onların övladlarının doğum gününü qeyd etdikləri üçün məktəb rəhbərliyinə, sinif rəhbəinə və şagirdlərə təşəkkür etdi. Sonda qeyd edək ki, şəhid Şəfizadə Saleh məktəb kollektivimizin üzvü Səbinə xanımın yaxın qohumudur. Allah rəhmət eləsin!