"Xocalı qan yaddaşımız" adlı xatirə gecəsi keçirildi
“Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” na uyğun olaraq məktəbdə Esmiralda Qarayevanın 2ç sinfi tərəfindən Xocalı faciəsinə həsr olunmuş "Xocalı - qan yaddaşımız" adlı xatirə gecəsi keçirildi. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Əlizadə, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, ibtidai siniflər üzrə metodbirləşmə sədri Mehriban Hüseynova və digər müəllimlər, valideynlər iştirak edirdi. Tədbiri giriş sözü ilə Esmiralda Qarayeva açaraq Xocalı faciəsinin Azərbaycanın tarixində kədərli bir səhifə, insanlığa qarşı törədilmiş qəddar terror hadisəsi olduğunu qeyd etdi. Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi - bədii kompozisiya dinlənildi.
Yekunda çıxış edən direktor müavini Anar Miriyev bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran Xocalı soyqırımından 28 il ötür.
Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır.
Direktor müavini bu faciənin dünyada tanınması üçün xarici ölkələrdəki diasporlarımızın fəaliyyətinin önəmli olduğunu söylədi.