İsmayıl Şıxlının 100 illik yubileyi
Məktəbin akt zalında xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, müəllimlər və şagirdlər iştirak etdilər.
Əvvəlcə şagirdlərin hazırladıqları divar qəzeti nümayiş olundu. Daha sonra yazıçının ömür yoluna işıq salan “Millət fədaisi” adlı sənədli film nümayiş etdirildi. 30 dəqiqəlik ekran əsərində böyük şəxsiyyətin keşməkeşli və qürur dolu həyat və fəaliyyətindən geniş bəhs olunur. Həmçinin görkəmli yazıçının müsahibəsi səsləndirildi.
Yubiley gecəsində çıxış edən Azərbaycan dili və ədəbiyyat müəllimləri Nailə Zeynalova və Gülməmmədova Rəhilə İsmayıl Şıxlı ilə bağlı fikirlərini bölüşdülər. Tədbirdə Xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin bədii yaradıcılığından bəhs edilib, ədibin əsərlərinin əhəmiyyəti vurğulanıb, onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığı şagirdlərin nəzərinə çatdırılıb.
Bildirilib ki, görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, dünyagörüşünü əks etdirməyə xüsusi diqqət yetirib, ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib. Şagirdlər İsmayıl Şıxlının əsərləri əsasında müzakirələr aparıb, əsərlərindən sitatlar gətiriblər. Sonra tədbir bədii hissə ilə davam etdi. Yekunda direktor və tərbiyə işləri üzrə direktor müavini tədbirə görə müəllim və şagirdlərə təşəkkür etdilər.