Xoşbəxtliyə gedən yol zəfərdən keçər

Məktəbin 11"A" sinif şagirdi Ayxan Mansırlı idman sahəsində istər respublika daxilində, istərsə də beynəlxalq tuirnirlərdə qazandığı çoxsaylı zəfərləri ilə uzun zamandır məktəbin şagird və müəllim heyətini sevindirirərək hər kəsin rəğbətini qazanmış və məktəbin "Fəxri şagirdi" adını almışdır.Növbəti qələbə sorağı Makedoniyanın Skopje şəhərindən gəldi. 11-ci Avropa Karate Şotokan Çempionatında 16-17 yaş arasında 68kg çəki dərəcəsində 4 idmançıya qalib gələrək II yeri, 17-18 yaş arasında 3 döyüş keçirərək III yeri qazandı. Bu münasibətlə Dünya Şotokan Federasiyası tərəfindən gümüş, bürünc medallarla və sertifikatlarla təltif olundu. Ayxan doğma məktəbində sevinc və qürur hissi ilə qarşılandı. Sinif yoldaşları və müəllimlər onu təbrik etdilər. Məktəbin direktoru Nizaməddin Ağcayev, sinif rəhbəri Gülnarə Əfəndiyeva ilə birlikdə Ayxanla keçirdiyi səmimi söhbətdə məktəbin idman uğurlarında Ayxanın böyük qatqısı olduğunu, onunla fəxr etdiyini xüsusilə vurğuladı və Azərbaycan Bayrağının doğum gününə hədiyyə olaraq Avropa ölkəsində onu yüksəklərə qaldırdığına görə təşəkkür etdi. Söhbət əsnasında Ayxan, qarşısına qoyduğu məqsədə çatmaq, ölkəmizi layiqincə təmsil etmək üçün dayanmadan göstərdiyi böyük əzm və səyin nəticələrinə çox sevindiyini bildirdi və məktəb rəhbərliyinə, ona bu yolda geniş imkanlar açaraq yaratdığı şəraitə və göstərdiyi etimada görə minnətdarlığını ifadə etdi. Bundan böyük uğurlara imza atacağına söz verdi!