Bu gün məktəbimiz üçün əlamətdar və qürurverici bir gün oldu. Məktəbin sinif otaqlarından birinə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimiz Elzar Yusubovun adı verildi. Bu münasibətlə məktəbin akt zalında anım tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca şagirdlər tərəfindən Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi, təqdimatlar nümayiş etdirildi. Tədbir boyunca şəhid Elzar Yusubovun keçdiyi şərəfli döyüş yolu, göstərdiyi qəhrəmanlıq nümunələri barədə məlumatlar verildi.

Tədbirdə şəhid ailələri də iştirak edirdi. Şəhid Elzar Yusubovun anası çıxış edərək oğlunun Vətənə olan sevgisindən, onun vətənpərvərliyindən danışdı, tədbiri təşkil edən hər kəsə dərin təşəkkürünü bildirdi.Daha sonra məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək şəhidimizin qəhrəmanlığından, onun timsalında Azərbaycanın igid övladlarının Vətən uğrunda göstərdikləri fədakarlıqlardan danışdı. O, belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını vurğuladı və şəhid Elzar Yusubovun adının məktəb otaqlarından birinə verilməsini gənc nəsil üçün örnək olduğunu qeyd etdi.

Tədbirin sonunda xatirə olaraq məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil olundu. Şəhid Elzar Yusubovun əziz xatirəsinə əkilən ağaclar, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın simvolu olaraq məktəbin həyətində daim yaşıl qalacaq. Bu təşəbbüs, həm şəhidimizin xatirəsinin əbədiləşdirilməsi, həm də gənc nəslin təbiətə və Vətənə olan sevgisinin aşılanması baxımından dəyərli bir addım oldu.

Bu cür tədbirlər gələcək nəsillərə Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın unudulmaması, onların xatirəsinin daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi