BİZ YENİ REALLIQLAR YARATMIŞIQ..

BİZ YENİ REALLIQLAR YARATMIŞIQ..

E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağayev

Tarixə qısaca nəzər salsaq, Azərbaycanın əhəmiyyətli ticarət yolları üzərində yerləşdiyini görərik. Avropa və Asiyanın mərkəzində yerləşən bu diyar hər daim digərlərinin diqqət mərkəzində olmuşdur. Lakin bədxah qonşularımız bu imkanımızı bir müddət əlimizdən almışdı. Muhəmməd peyğəmbər ﷺ buyurmuşdur: “Bir-birinizə nifrət etməyin, həsəd etməyin, bir-birinizdən üz çevirməyin.” 30 ilə yaxın bu torpaqlar onların əlində oldu. Lakin bir faydalı iş görmədilər. Sırf həsədləri üzündən tikdikləri torbaya elə özləri də düşdülər.. Həmin illər ərzində geriyə getdilər. “Cəsur erməni” ordusu öz “cəsurluğunu” döyüş bölgəsindən qaçaraq göstərdi. Həmin nifrətləri, paxıllıqları ucbatından yerində saydılar və irəliləyə bilmədilər.

İkinci Qarabağ müharibəsi sanki yatmış qartalı bərk silkələyərək oyatdı. Bu qartalın hər zərrəsi o qədər dərin tarixdən süzülürdü ki.. Bəzən qartal özü də bunu unudurdu. Amma o qartal ona yaraşan bir əda ilə qalxdı. Və doğma balasını yad əllərdən aldı.

Son müsahibələrindən birində prezident İlham Əliyev: “Biz yeni reallıqlar yaratmışıq” deməklə əsas missiyamızı açıqladı. Yerli və xüsusilə də xarici jurnalistlər bu fikirlərin izahını gözləyirdi. Çox keçmədi ki, prezident Qarabağımızda görülən işlər barədə məlumat verdi.

Dövlətin qeyri-neft sektorlarının inkişaf etdirilməsi planında ən əhəmiyyətli yerlərdən birini turizm tutur. Üç hava limanı inşa edilir. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlar. Bunlar isə turizmdə yeni cığırlar açacaq.

100 kilometrlərlə dəmir yolu salınacaq. Minlərlə kilometr olan həm şəhərlərarası, həm kəndlərarası, asfalt avtomobil yolları çəkiləcək. Bu ilin sonuna qədər bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər həyata keçirilməlidir. Əgər biz son iki ilin quraqlığını nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edilmişdir. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir. Artıq bu, özünü kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında göstərir. Əlavə olaraq Qarabağ bölgəsində içməli su ilə bağlı görüləcək işlər bütün bölgələrə müsbət təsir edəcək.

Əraziyə insanların qayıdıb rahat şəkildə yaşaması üçün çox işlər görülməlidir. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları və s. tikilməlidir.

Bütün bu işləri görmək üçün vaxt və maddi imkanlar tələb olunur. İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində hal-hazırkı büdcəmiz də buna kifayət edir. Lakin bizim yarışmalı olduğumuz amil vaxtdır. Dəyişikliklər üçün hər saniyəmiz qızıldandır. Bir çox azərbaycanlı yaşından asılı olmayaraq Qarabağdakı təmir-bərpa işlərində könüllü çəkildə işləmək istədiyini bildirir. Bu çox gözəldir. Çünki bura bizim vətənimizdir. Bura bizim canımızdır.

Bəli biz yeni reallıqlar yaratmışıq. Heç kəsə paxıllıq etmədən Allahın bizə bəxş etdiyi gözəl nemətlərdən istifadə edərək yeni reallıqlar yaratmışıq. Təkbaşına oğullar böyüdən analar oğlunun cansız bədənini təhvil alıb bağrı yarılsa da “Vətən sağolsun!” deyəndə, öz təqaüdü ilə özünə ayaqqabı almayan Hikmət baba əsgərlərə pul göndərəndə biz yeni reallıqları yaratmışdıq. Bölgədə görülən yeni işlərlə daha da irəli gedəcək və ən yeni, ən fərqli reallıqları məhz biz yaradacağıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi