VII siniflər arasında “Kinoman” yarışı keçirildi

ETN və BŞTİ-nin 01.04.2025-ci il tarixli əmrinə əsasən "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində müəllim Rəcəbova Könül tərəfindən VII sinif şagirdlərindən ibarət dörd komanda ( Kinoşünaslar, Operatorlar, Rejissorlar və Rəssamlar komandaları) arasında “Kinoman” yarışı keçirildi. Yarışda məktəbin direktoru Məmmədzadə Nəriman, təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı İlahə Quliyeva, məktəbin kitabxana müdüri Həsənova Natavan, uşaq birliyi rəhbəri Aygün Pənahova iştirak etdi. Yarışı giriş sözü ilə Könül müəllim açdı. O, qeyd etdi ki, bu yarışın keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərinin qorunması və qayğısına qalınması, şagirdlərdə milli ruhun güclənməsi və dövlətçilik ideologiyası, milli ideologiyanın inkişaf etdirilməsidir. Azərbaycan filmlərinin, xüsusən də uşaqlar, gənclər və yeniyetmələr üçün vaxtilə istehsal edilən filmlərin bu gün təbliğ edilməsi zəruridir. Çünki o dövrdə çəkilən filmlərdə uşaqlarda humanizm, yaxşılıq etmək istəyi, mənəvi dəyərlərə hörmət hissi daha qabarıq şəkildə ifadə olunub. Bundan başqa, insanda uşaqlıqdan formalaşmalı olan cəsurluq, qorxmazlıq, düzlük kimi keyfiyyətlər inkişaf etdirilməlidi. Yarışda komandalar Azərbaycan kinosunun tarixi, məşhur aktyor və rejissorlar haqqında sualları cavablandırdılar, Azərbaycan tarixi və uşaq filmlərindən kadrlara baxaraq kadrın hansı filmdən olduğunu tapdılar. VIIc sinif şagirdi Nuray kamançada filmlərdən musiqi ifa etdi. Münsifllər heyətinin qərarı ilə VIIb sinfinin “Operatorlar” komandası yarışda qalıb oldu.Sonda komandalar sertifikatla mükafatlandırıldı və xatirə şəkil çəkildi.