Son zəng

    "Son zəng" tədbiri ənənəvi olaraq ümumi və tam orta təhsil pillələrini başa vuran şagirdlərin şərəfinə keçirilir və onların məktəb həyatında yeni mərhələnin başlanğıcını simvolizə edir. Bu münasibətlə respublikanın bütün məktəblərində məzunlar üçün bayram şənlikləri, xatirə tədbirləri və müxtəlif mədəni-əyləncəli proqramlar təşkil olunur.

Hər il olduğu kimi, bu il də məktəbdə məzunlarla son görüş - “Son zəng” tədbiri keçirilib. Tədbirə ənənəyə uyğun olaraq meydana Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi ilə başlanılıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca məktəbin direktoru Kəmalə Məmmədova çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Daha sonra fərqlənən məzunlar diplomla təltif edilib. Çıxış üçün söz alan I Qarabağ müharibəsi şəhidi Rasim Quliyevin bacısı Mehriban Quliyeva və II Qarabağ müharibəsi şəhidi Asim Quliyevin anası Nüşabə Quliyeva, həmçinin təqaüddə olan fənn müəllimləri, valideynlər "Son zəng" münasibətilə məzunları təbrik edərək onlara xoş arzularını bildiriblər. Daha sonra balaca fidanlar - 1-ci sinif şagirdləri şeirlər söyləyərək məzunlara öz təbriklərini çatdırıblar. Məktəbin müxtəlif siniflərindən olan şagirdlər rəqsləri ilə tədbirə rəngarənglik qatıblar. Təbrik çıxışlarından sonra bu günə xüsusi olaraq hazırlaşmış məzunlar müəllimlərinə təşəkkürlərini bildirib, daha sonra ssenariyə uyğun olaraq tədbirə öz çıxışları ilə davam ediblər. Rəngarəng rəqslər, şeir ifalarından sonra məzunlar tərəfindən elmin rəmzi açarı 10a sinif şagirdi Aylin Quliyevaya təqdim edilib. Tədbirin sonunda 11-ci sinif və 1-ci sinif şagirdlərinin təqdimatında sonuncu zəng səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi