FƏXRİMİZ

Quliyev Rasim Kazım oğlu 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. O,1983-1993-cü illərdə 107 nömrəli məktəbdə orta təhsil almışdır. 1984-1986-cı illərdə Sovet Ordusu Sıralarında hərbi xidmətdə olmuşdur.  Quliyev Rasim oxumaq həvəsi ilə 1987-ci ildə sənədlərini  Bakı Dövlət Universitetinə vermiş və tarix fakultəsinin qiyabi şöbəsinə daxil olmuşdur. Təhsilini davam etdirməklə yanaşı o, yanğından mühafizə idarəsində çalışırdı. İdmana marağı böyük olduğundan boks üzrə birinci dərəcəli idman ustası idi. O, 1990-cı ildə könüllü olaraq Qarabağ torpaqlarının müdafiəsinə qalxdı. Torpaqlarımızın  azadlığı uğrunda vuruşmaq üçün Goranboya yola düşdü. İlk döyüşü Goranboyda oldu. 1991-ci ilin sentyabr ayında Xüsusi təyinatlı polis dəstəsinə yazıldı. Rasimin sorağı  Fizuli rayonunun Xırmancıq, Qacar kəndlərindən gəlirdi. Həmin kəndlərin müdafiəsində fəal iştirak etmişdir. 1992-ci ilin oktyabr ayında Rasim ailə həyatı qurmuşdur. Eyni gündə xüsusi təyinatlı  polis dəstəsinə yazılan İlqar Hüseynov dostunun göstərdiyi  igidliklərdən danışarkən dedi; -O hamının sevimlisi idi. Rasim həm də vuruşda itki vermədən qələbə qazanmaq üçün əlindən gələni  əsirgəmirdi. Bizi ən çətin mövqelərə göndərdilər. Hər dəfə düşmənin yerini  öyrənmək üçün kəşfiyyata gedərkən üstünlük bizim tərəfdə olurdu. Bu vaxt Rasimin seçdiyi  düzgün mövqe onun qələbəsi ilə  nəticələnirdi. Rota komandiri  Rauf Eminov  deyilənlərə əlavə etdi, bizim uşaqlar Goranboyda, Qubadlıda, Ağdərədə, Şuşada, Ağdamda, Laçında və bir sıra qaynar nöqtələrdə mərdliklə vuruşurdular. Gərgin döyüşlərdə mərdliklə üz-üzə gələndə də döyüşçülərimiz çalışırdı ki,  heç bir itki verməsinlər. Əfsuslar olsun ki, Ağdərənin Kasapet yüksəkliyi  uğrunda döyüşlərdə biz dostumuz  Rasimi itirdik. Fevralın 28-də növbəti  əməliyyat vaxtı  hamı kimi  Rasim də düşmənə imkan vermirdi ki, mövqelərimizə zərbə endirilsin. Döyüş yoldaşımız Bəxtiyar Məhərrəmov yaralandıqda Rasim özünü tez yaralı dostunun yanına yetirib yardım etdikdən sonra onu oradan uzaqlaşdırmaq üçün yoldaşlarını köməyə  çağırmaq məqsədilə başını qaldıranda düşmən gülləsinə tuş oldu. 1992-ci ilin mart ayının 5-də polis serjantı  Quliyev  Rasim Kazım oğlu əbədi  olaraq gözlərini yumdu.

Döyüş zamanı qəhrəmancasına  həlak olan  Rasim Quliyevin adını əbədiləşdirmək üçün dövlətimiz doğma məktəbi onun adı ilə adlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi