Azərbaycanın kiçik Bethoveni

Uşaqların uğuru bir çox hallarda ailənin, müəllimin və öz istedadının vəhdəti nəticəsində formalaşır. Elə bu dəfə də balaca bir musiqiçinin uğuru hər kəsi qürurlandırdı.
Məktəbin 4”E” sinif şagirdi Əliyeva Zeynəb Cavid qızı Süleyman Ələsgərova adına 1 saylı Uşaq İncəsənət Məktəbinin 2-ci sinif şagirdidir. O, 12 yanvar 2025-ci il tarixində keçirilən “Ümid 2025” Beynəlxalq İncəsənət Müsabiqəsində fortepiano üzrə 1-ci dərəcəli diplomla təltif olunub.
“Ümid 2025” adlı bu müsabiqə musiqinin müxtəlif sahələrini əhatə edirdi. Zeynəb bu beynəlxalq müsabiqəyə müəlliməsinin təşəbbüsü və öz istəyi ilə qatılıb. O, ikinci sinif şagirdi olsa da, səhnə təcrübəsi ilə yaşıdlarından seçilir. Valideynləri və müəlliməsi Zeynəbin potensialını gördükdən sonra onun bu cür festivallarda iştirakına şərait yaradıblar.
Zeynəb, eyni zamanda 18 aprel 2025-ci il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan və Qazaxıstanın birgə təşkilatçılığı ilə keçirilən “Talanttar Aləmi” beynəlxalq müsabiqəsində də iştirak edib. Bu dəfə də uğur qazanan balaca musiqiçi yaşıdları arasında 2-ci yerə layiq görülüb.
Hazırda Zeynəb müxtəlif müsabiqələrə hazırlaşır. Onun pianinoya olan sevgisi bu musiqiyə yeni başladığı zamanlardan bəlli idi. Anasının sözlərinə görə, bir zamanlar Bethovenə qulaq asaraq: “Mən nə vaxt Bethoven kimi gözlərimi yumub çalacağam?” – deyən Zeynəb artıq öz musiqi yoluna çıxıb. Onun hələ dəqiq bir gələcək planı olmasa da, ailəsi bütün qərarlarında onun yanındadır.