"Ana dili aylığı" çərçivəsində tədbir keçirildi

Ana dili aylığı çərçivəsində 21 fevral 2025-ci il tarixində məktəbin akt zalında Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açılıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransının 30-cu sessiyasında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün keçirilir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır.
Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Şagirdlərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, əsərlər səhnələşdirilib, bayatılar oxunub, dil haqqında şerlər, hikmətli kəlamlar və mahnılar səsləndirilib.