GÖRKƏMLİ DÖVLƏT XADİMİ HEYDƏR ƏLİYEV

    Məktəbin tarix müəllimi Aidə Manafova 12 dekabr 2024-cü il tarixində 10”D” sinfində siyasi xadim Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirmiş, görkəmli siyasətçinin həyat  və yaradıcılığının bir sıra məqamlarını  şagirdlərin diqqətinə çatdırmışdır. Tədbirdə şagirdlər görkəmli siyasətçi Heydər Əliyevin  Azərbaycanda hakimiyyəti dövründə  keçirilən siyasi, iqtisadi və sosial  islahatlar barədə çıxışlar etmişlər.

     Azərbaycanın siyasi tarixində, dövlət müstəqilliyinin qorunub saxlanmasında, dünya ölkələri ilə sıx inteqrasiya prosesində Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.

     Heydər Əlirza oğlu Əliyev 1923-cü il  mayın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. H.Əliyev 1969-1982-ci illərdə Azərbaycan SSR. Mərkəzi Komitəsinin I katibi, 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5 il (1982-1987) SSRİ Nazirlər  Soveti Sədrinin I müavini olmuşdur. Hakimiyyətinin ilk günlərindən Respublikada qanunçuluğun qorunması, idarəçiliyin möhkəmləndirilməsi,  kadrlara  tələbkarlığın artırılması  istiqamətində əhəmiyyətli işlər görmüşdür.

1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1993-cü ilin iyunun 15-də H. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi görkəmli  siyasətçinin “böyük siyasətə” qayıdışı idi. 1993-2003-cü illərdə isə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin  və suverenliyinin möhkəmləndirilməsi, ölkənin dünya birliyində  layiqli yer tutması  prezident Heydər Əliyevin həyata keçirdiyi  ardıcıl və  məqsədyönlü  xarici siyasətin  ana xəttini təşkil edib. Onun xarici siyasətinin nəticəsidir ki, Əsrin müqaviləsi, İpək yolunun bərpası, Bakı-Ceyhan Neft Kəməri reallığa çevrildi. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul olundu.

     Ulu Öndərin diplomatik fəaliyyəti nəticəsində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması bir daha  sübut olundu. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdı.Daxili və xarici siyasət sahəsində əldə edilən uğurlar dünya azərbaycanlılarının milli hüquqlarının qorunmasına şərait yaratdı.

    H.Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Bu milli  birlik tariximizin yeni mərhələsinin başlanğıcı oldu. Dünya azərbaycanlıları ilk dəfə bir araya gətirildi. Qüdrətli Azərbaycana gedən yolun bütün azərbaycanlıların milli birliyindən keçdiyi sübut olundu.

    Hazırkı şəraitdə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi xəttini və ideyalarını davam etdirir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi