"BilBacar" layihəsi üzrə keçirilən "Yarış" mərhələsi
Bildiyimiz kimi 29 oktyabr tarixindən etibarən BilBacar müsabiqəsinin “Yarış” mərhələsi başlayıb.
Qeyd edək ki, BilBacar müsabiqəsində respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqə çərçivəsində şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsi və rəqəmsal platformada imtahan vermə bacarıqlarının formalaşdırılması, eyni zamanda xüsusi istedadlı şagirdlər və qabaqcıl məktəblərin müəyyən edilməsi nəzərdə tutulur.
Platformada ay ərzində aktiv olan “Hazırlıq” bölməsi şagirdlərin suallarla məşq edərək “Yarış”a hazırlığını təmin edəcək. Qeyd edək ki, bu bölməyə şagirdlər istənilən məkanda və müxtəlif zamanlarda kompüter, planşet və ya telefon vasitəsilə daxil ola biləcəklər.
Hər iki bölmə üzrə (“Hazırlıq” və “Yarış”) ayrı-ayrılıqda şagirdlərə 60 sual (riyaziyyat - 20 sual, oxu – 20 sual, təbiət elmləri – 20 sual) təqdim ediləcək. Onlayn mərhələ üzrə şagirdlərə təqdim ediləcək suallar hər ay yenilənəcək.