lV siniflər üzrə monitorinq keçirilib
Mayın 18-də paytaxtda ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.
Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edib.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.