Novruz gəlir, yaz gəlir!
Xalqımızın qədim tarixini əks etdirən, milli adət-ənənələrimizi özündə birləşdirən bayramlardan biri də “Novruz bayramı”dır. Novruz bayramı təkcə onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Kökləri İslamdan əvvəlki tarixi dövrə gedib çıxan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Novruz bayramı əsasən müsəlman ölkələrində qeyd olunsa da, dini bayram deyil. Bu bayramda təbiətin yenilənməsini, torpağın oyanışını simvolizə edən yazın gəlişi qarşılanır. Yaşı bilinməyən, əsrləri arxada qoyaraq bu günümüzə qədər gələn Novruzun atributlarının olduğu kimi qorunması, ulularımızdan ərməğan, dildən-dilə yaşadılan el mahnıları, bənzətmələri, oxşamaları, bayatıları, xalqımızın mənəvi zənginliyini göstərən sərvətlərimizdəndir.
Bu münasibətlə 19.03.2024-cü il tarixində məktəbdə şagirdlərin iştirakı ilə Novruz adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Bayram şənliyində müxtəlif səhnəciklər nümayiş olunub, şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirə xüsusi rəngarənglik, şən əhval-ruhiyyə qatıb.