“Gigiyena qaydalarına əməl etmək sağlamlığın şərtidir”
1 dekabr 2023-cü il tarixində Uşaq Birliyi Təşkilatı Rəhbəri Günay Rəsulova X və XI sinif şagirdləri ilə “Gigiyena qaydalarına əməl etmək sağlamlığın şərtidir” mövzunda maarifləndirici tədbir keçirdi. Tədbirin keçirilməsində məqsəd şagirdlərə təməl şəxsi gigiyena vərdişlərini aşılamaq və onlara sağlamlığa önəm verməyin vacib olduğunu bildirmək idi.
Gigiyena - insan sağlamlığını qorumaq haqqında elmdir. Hazırda insan sağlamlığının qorunması üçün bir çox qaydalar tərtib olunmuşdur. Bu qaydalar iki qrupa ayrılır: ümumi və şəxsi gigiyena qaydaları. Şəxsi gigiyena qaydalarına əməl etmək hər birimiz üçün gündəlik vərdişə çevrilməlidir. Bu qaydaları yerinə yetirmək insanın özü üçün deyil, ətrafındakılar üçün də əhəmiyyətli dərəcədə vacibdir. Çünki gigiyena qaydalarına əməl etməyənlər bəzən yoluxucu xəstəliklərə tutulmaqla başqalarının da həyatını təhlükə qarşısında qoyurlar.
Müasir dövrümüzdə kompüterdən istifadə etməklə istədiyimiz məlumatı çox asanlıqla əldə edə bilirik. Lakin uzun müddət kompüter qarşısında oturanda otağın mikroiqlimi: temperatur, rütubət, səs-küy, elektrik və radiasiya sahəsi dəyişir, havada oksigenin miqdarı azalır. Belə mikroiqlimdə uzun zaman qaldıqda isə müəyyən dərəcədə əqli, emosional, görmə funksiyaları dəyişir, yorulma baş verir, orqanizmin yoluxucu xəstəliklərə qarşı müqaviməti azalır.
İdmanla məşğul olmaq skelet və əzələləri möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, düzgün qaməti formalaşdırır.
Gigiyenik qaydalara əməl edilmədikdə də həzm sistemi xəstəlikləri baş verir. Bunun qarşısını almaq üçün qidalarımız keyfiyyətli və təzə olmalıdır.
Düzgün və vaxtlı-vaxtında qidalanma uşaqların inkişafı və sağlamlığının ilkin şərtlərindən biridir. Qidalanma beynin fəaliyyətinə müsbət təsir göstərir. Düzgün qidalanma müxtəlif xəstəliklərə qarşı orqanizmin davamlılığını artırır. Qidanın hər gün eyni vaxtda qəbul edilməsi və yaxşı çeynənməsi də sağlamlıq üçün vacibdir.