Tariximizin qanlı səhifəsi
31.03.2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Sədaqət İsmayılova ilk dərsi 31 Mart Soyqırımına həsr etdi. Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Hazırladığı video-çarxı nümayiş etdirdikdən sonra, müəllim ötən əsrin əvvəllərində baş vermiş faciə haqqında şagirdlərə məlumat verdi. O bildirdi ki, bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə günahsız soydaşlarımız qətlə yetirilib. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlının həyatına son qoyulub. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin qaranlıq səhifələrindən biridir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanına əsasən hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilir.