21 fevral - “Beynəlxalq Ana Dili Günü”

    Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

    21 fevral 2023-cü ildə məktəbin akt zalında “Beynəlxalq Ana Dili Günü”nə həsr olunan tədbir keçirilib. Tədbirdə məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Elvin Aslanlı, UBTR Günay Rəsulova, məktəbin müəllimləri, şagirdləri, həmçinin valideynlər də iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan məktəbin Ana dili və ədəbiyyat müəllimi Səadət Mahmudova dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıb. Qeyd edib ki, 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə qarşı keçirilən aksiyada 4 nəfər şəhid olub və onların xatirəsinə ehtiram əlaməti kimi 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

     Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.  Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Daha sonra səhnədə şagirdlər çıxış etməyə başlayıblar. 6”G” sinif şagirdləri Bəxtiyar Vahabzadənin Ana dilinə həsr olunmuş şeirlərini səsləndiriblər. 5”A” sinif şagirdləri isə Teymur Elçinin “Qarğanın məktəbi” nağılını səhnələşdiriblər.

    Hər kəsə onun Ana dili şirindir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur.

    Son olaraq şagirdlərin ifasında Emin Sabitoğlunun bəstəsi olan “Şirin dil” mahnısının səsləndirilməsi ilə tədbir başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi