Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Oktyabrın 3-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərsləri olmaqla ümumilikdə 12 məşğələ keçirilir.
Hər bir şəxsin həyatının unudulmaz anlarından biri, məhz məktəbə ilk qədəm qoyduğu vaxtlardır. Məktəb həyətinə girişi, bir məktəbli kimi sinfə daxil olması və ən əsası müəllimi ilə tanışlığı onun uşaqlıq çağlarından şəxsiyyət kimi formalaşmasının ilkin mərhələsidir. Ətraf mühit haqqında təsəvvürünün olması, onu dərk etməyə başlaması, insanlarla ünsiyyət yaratma vərdişlərinin, intellektual düşüncə tərzinin yaranması və inkişafı baxımından məktəbəhazırlıq insan həyatında mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, cari tədris ilində məktəbdə dörd paralel üzrə 108 şagird təhsil alır. Bu gün məktəbə ilk qədəmlərini qoyan beşyaşlıları müəllimləri qarşılayaraq, sinif otaqları ilə tanış etdilər.
Məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır.