Laçınsız 28 il
18 may 2020-ci il tarixində məktəbin 4ə sinfində virtual dərs zamanı Laçın rayonunun işğalının 28-ci ildönümü anıldı. Sinif rəhbəri Aygün Dadaşova şagirdlərinə Laçın rayonu haqqında məlumat verdi. Şagirdlər bir dəqiqəlik sükutla qəhrəman şəhidlərimizin ölməz ruhunu yad etdilər. Laçın rayonunun qədim tarixi abidələri, Ağbulaq şəlaləsi, Xırmanlar mənzərəsi, Qoşasu, Minkənd, Malıbəy, Qozlu, Quşçu və s. kəndləri slaydlar vasitəsilə şagirdlərə təqdim olundu. Onlar həmçinin Laçın rayonundan bəhs edən virtual səyahəti də izlədilər.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intesiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır.
ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətinə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.
Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasəti onu deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.