"Biz sağlam gələcəyi seçirik " mövzusuna həsr olunmuş maarifləndirici tədbir
Məktəbdə narkomaniya ilə mübarizəyə həsr olunmuş "Biz sağlam gələcəyi seçirik " mövzusunda maarifləndirici tədbir keçirilib.
7 iyun 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin başçılığı ilə məktəbdə Narkomaniya ilə mübarizəyə həsr mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə BŞTİ-nin məktəbdənkənar fəaliyyət sektoru əməkdaşı Vəfa Məhərrəmli, Narkotiklə Mübarizə Dövlət Komissiyasının sektor müdiri Rafiq Allahverdiyev , Bakı Şəhər İcra Hakimiyyəti Narkomaniya ilə Mübarizə komissiyasının katibi Könül Əfəndiyeva , Bakı Şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu Yaşar Bədəlli, məktəb rəhbəri Svetlana Nəbiyeva , müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Maarifləndirici tədbirlərdə gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir. Məktəblilər belə vərdişlərdən uzaq durmaq, savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə maarifləndirilib.
Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyətə və ümumilikdə, bəşəriyyətə çox böyük ziyan vurması və mümkün olan bütün vasitələrdən istifadə edərək, onun qarşısının alınması barədə geniş məlumatlar veriblər.