"Şagirdlər tanıdır" layihəsinin dördüncü tur-aksiyası həyata keçirildi

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.5-ci bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.7-cı bəndinə uyğun olaraq şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili və motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədilə Bakı şəhərinin müxtəlif inzibati rayonlarında-Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanıda fəaliyyət göstərən 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə "Şagirdlər tanıdır" layihəsi həyata keçirilməyə başlanmışdır. Layihə çərçivəsində iştirakçı olan məktəblərin 6-8-ci sinif şagirdləri yaşadıqları rayonun və qəsəbənin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatlar toplayaraq onu digər məktəblərin şagirdləri ilə bölüşəcəklər.
Layihənin dördüncü tur-aksiyası Nizami rayonunda keçirildi. Fevralın 25-də baş tutan tədbirdə 145 nömrəli tam orta məktəbin şagirdləri qonaqları Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda qarşıladılar. Akt zalına dəvət olunan qonaqlara şagirdlər Nizami rayonunun tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında və 145 nömrəli məktəb haqqında geniş məlumat verdilər. Daha sonra zavodun işçiləri tərəfindən hazırlanmış videorolikə baxdılar. Sonda verilən məlumatların şagirdlərin yaddaşında necə qaldığını yoxlamaq üçün viktorina keçirildi.