"Şagirdlər tanıdır" layihəsinin üçüncü tur-aksiyası həyata keçirildi

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.5-ci bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.7-cı bəndinə uyğun olaraq şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili və motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədilə Bakı şəhərinin müxtəlif inzibati rayonlarında-Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanıda fəaliyyət göstərən 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə "Şagirdlər tanıdır" layihəsi həyata keçirilməyə başlanmışdır. Layihə çərçivəsində iştirakçı olan məktəblərin 6-8-ci sinif şagirdləri yaşadıqları rayonun və qəsəbənin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatlar toplayaraq onu digər məktəblərin şagirdləri ilə bölüşəcəklər.
Layihənin üçüncü tur-aksiyası Yasamal rayonunda keçirildi. Dekabrın 19-da baş tutan tədbirdə 21 nömrəli tam orta məktəbin şagirdləri qonaqları məktəbin foyesində qarşıladılar. Akt zalına dəvət olunan qonaqlara şagirdlər Yasamal rayonunun tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında və 21 nömrəli məktəb haqqında geniş məlumat verdilər. Sonra qonaqlar avtobusla gəzərək şagirdlərin bələdçiliyi ilə Yasamal rayonu ilə daha yaxından tanış oldular. Tur-aksiyanın sonunda şagirdlər Müdafiə Nazirliyinin tabeçiliyində olan Hərb Tarixi muzeyini ziyarət etdilər. Muzeyin bələdçiləri şagirdlərə Azərbaycan Ordusunun yaranma tarixi, məşhur sərkərdələri, Milli Qəhrəmanları, tanınmış zabitləri haqqında məlumat verdilər,ordu quruculuğunda baş verən yeniliklərlə tanış etdilər. Muzeydə sərgilənən əsgər və zabitlərin geyim və əşyaları, həyətində yerləşən hərbi texnika şagirdlərin marağına səbəb oldu.