"Şagirdlər tanıdır" layihəsinin ikinci tur-aksiyası həyata keçirildi

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.5-ci bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.7-cı bəndinə uyğun olaraq şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili və motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədilə Bakı şəhərinin müxtəlif inzibati rayonlarında-Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanıda fəaliyyət göstərən 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə "Şagirdlər tanıdır" layihəsi həyata keçirilməyə başlanmışdır. Layihə çərçivəsində iştirakçı olan məktəblərin 6-8-ci sinif şagirdləri yaşadıqları rayonun və qəsəbənin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatlar toplayaraq onu digər məktəblərin şagirdləri ilə bölüşəcəklər. Layihənin ilk tur-akiyası Suraxanı rayonuna olmuşdur. Dekabrın 5-də baş tutan tədbirə ev sahibliyi edən 76 nömrəli tam orta məktəbin şagirdləri rayonumuza qonaq gələn məktəbliləri Suraxanı rayonu Heydər Əliyev Mərkəzində qarşıladılar. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Mərkəzlə tanış oldular. Suraxanı RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Lamiyə Namazova və Mərkəzin əməkdaşları tərəfindən şagirdlərə Ümummilli Lider H.Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verildikdən sonra məktəblilər rayon ərazisində olan Atəşgah məbədinə getdilər. Burada şagirdlər həm abidə ilə tanış oldular, həm də məktəbimizin şagirdləri qonaqlara Suraxanı rayonu və Hövsan qəsəbəsinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında geniş məlumat verdilər. Dekabrın 13-də layihə çərçivəsində ikinci tur-aksiya 312 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən həyata keçirildi. Əvvəlcə şagirdlər Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər. Burada şagirdlərə Keşlə qəsəbəsinin şəhidləri haqqında məlumat verildi. Daha sonra məktəblilər Keşlə qəsəbəsində tarixi abidələrdən sayılan 17-ci əsrə aid Şah Abbas məscidi ilə tanış oldular. Sonra şagirdlər 300 ildən artıq yaşı olan "Keşlə bəy hamamı"na ekskursiya etdilər.