Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib

Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.
“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Tədbirdə məktəbimizin 9d və 10ç sinif şagirdləri rus dili və ədəbiyyat müəllimləri Yelena Arslanova və Elnarə Məmmədovanın rəhbərliyi ilə Aleksandr Sergeyeviç Puşkinin "Qaraçılar" və Mixail Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərlərində "Bela və Zenfira" adlı kompozisiya ilə çıxış etdilər.