Bayrağımız - Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir ( Heydər Əliyev)

Məktəbin illik fəaliyyət planının 1.3.12-ci bəndinə müvafiq olaraq şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə 9 NOYABR BAYRAQ GÜNÜ ilə əlaqədar olaraq məktəbdə silsilə tədbirlərin həyata keçirilməsi davam edir. 8 noyabr 2017-ci il tarixində məktəbdə Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənildi. Tədbirdə aparıcılar iştirak edən qonaqları salamlayaraq onlara məlumat verdikdən sonra tədbirin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat çatdırdılar. Tədbirdə şagirdlər Bayrağımızın tarixi haqqında, rənglərinin ifadə etdiyi mənaları haqda öz çıxışlarında geniş məlumat verdilər. Şagirdlərin kiçik səhnəciklərində, mahnı və şeirlərində qəlblərinin böyük vətən sevgisi ilə döyündüyü, hər an torpağın birliyi uğrunda mübarizəyə hazır olduqları əks olunurdu. Oğlanların hərbi geyimlərdə olması onların çıxışlarını daha da maraqlı etdi. Bayraqla, tariximizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirildi. Sonra tədbirə qonaq qismində gələn “N”saylı Hərbi hissənin komandiri kapitan Nurlan Quliyev çıxış edərək tədbir təşkilatçılarına təşəkkürünü bildirdi, şagirdlərin çıxışlarına valeh olduğunu söylədi. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini N.İsmayılov öz çıxışı ilə qonaqları, bütün şagirdləri, müəllim və valideynləri bayram münasibəti ilə təbrik etdi, tədbirin hazırlanmasında fəal iştirak edən sinif müəllimi T.Cəfərovaya öz təşəkkürünü bildirdi.