12-dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
12 dekabr 2018-ci il tarixində 74 nömrəli tam orta məktəbin kollektivi Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən qısa videoçarxlar nümayiş etdirildi.
Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirdə məktəbin direktoru Əfqan Həsənov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirdi. Digər çıxışlarda da ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıldı. Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğu qeyd edildi. Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olundu.