"Son zəng" tədbiri

Təhsil Nazirliyinin əmrinə əsasən, 2017-2018-ci tədris ilinin yekunu ilə əlaqədar 14 iyun respublikanın ümumtəhsil məktəblərində "Son zəng" günü qeyd edildi..
74 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri təmtəraqlı təşkil edilmişdi.Tədbiri məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova təşkil etmişdir.
“Son zəng” tədbirində Sabunçu Rayon İcra Hakimiyyətinin müavini Rəna Fərəcova və digər qonaqlar iştirak etdilər.
Tədbirdə çıxış edən 74 nömrəli tam orta məktəbin direktoru Əfqan Həsənov müstəqil həyata qədəm qoyan məzunları və onların valideynlərini salamlayaraq, bu gözəl gün münasibəti ilə təbrik etdi. Əfqan Həsənov Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən danışaraq vurğuladı ki, hər il olduğu kimi bu il də 74 nömrəli tam orta məktəbi bitirən məzunların hamısının tələbə adına layiq görüləcəyinə, xalqımızın gələcəyi naminə görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə şübhə etmir.
“Son zəng” tədbirində məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışları səsləndi. Məktəbi əla qiymətlərlə bitirən məzunlar fərqlənmə diplomu və fəxri fərmanlarla təltif olundular. Məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirərək tədbiri böyük bədii proqramla başa çatdırdılar.