“İNAM Şagird İttifaqları Platforması” layihəsi uğurla yekunlaşdı!

Layihənin son mərhələsində 4 simulyasiya təşkil olunub. Bu simulyasiyalar zamanı iştirakçılar komanda quruculuğu, problem həll etmə, liderlik və təşəbbüskarlıq bacarıqlarını praktik fəaliyyətlər vasitəsilə inkişaf etdiriblər. Yekunda keçirilən bağlanış mərasimində 74 nömrəli tam orta məktəbinin direktoru və layihə rəhbəri Murad Zeynalov çıxış edərək layihənin məqsəd və nəticələri barədə fikirlərini bölüşüb. Tədbirdə fəallığı ilə seçilən şagirdlər fərqlənmə sertifikatı və hədiyyələrlə, digər iştirakçılar isə iştirak sertifikatları ilə təltif olunublar.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “İNAM Şagird İttifaqları Platforması” layihəsinin əsas məqsədi orta təhsil müəssisələrində şagird ittifaqlarının nəzdində şagirdlərin liderlik qabiliyyətini gücləndirmək, idarəetmə bacarıqlarını praktiki inkişaf etdirmək və bununla da onların icma fəallığını, yerli və regional proseslərə səmərəli töhfə vermək bacarıqlarını, imkanlarını və səlahiyyətlərini artırmaqdır. Xatırladak ki, layihə çərçivəsində 5 məktəbdən seçilmiş 50 şagird üçün 8 təlim sessiyası keçirilib. Təlim və simulyasiya sessiyaları vasitəsilə iştirakçılar liderlik, ünsiyyət, strateji planlaşdırma və komanda idarəetməsi kimi mühüm bacarıqlar qazanıblar.