Məktəbimizdə 26 fevral Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir təşkil edildi.

Əvvəlcə Xocalının günahsız qurbanlarının və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə məktəbin direktoru Z. Murad,müavinlər Ə.Ofeliya,B.Vüsalə,H.Flora, psixoloq Ə.İrina, UBR H.Almaz, Azərbaycan dili müəllimi M.Məlahət və digər müəllimlər şagirdlər iştirak etdilər.
İlk öncə çıxış edən Z.Murad öz çıxışında qeyd etdi ki,müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Daha sonra məktəbin Azərbaycan dili müəllimi M.Məlahət çıxış edərək bildirdi ki,1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.
Azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, “Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırım törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.
Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.Daha sonra məktəbin 5-ci,6-cı,7-ci və 9-cu sinif şagirdləri hazırladıqları səhnələr və şeir kompozisiyaları ilə çıxış etdilər.Tədbirin sonunda Mystafayeva Məlahət şagirdlərlə birlikdə Bakıxanovda yerləşən şəhidlər xiyabanını ziyarət etdilər.