“Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis UNİCEF əməkdaşlığı” mövzusunda tədbir

2016-cı il dekabrın 15-də Milli Məclisin və UNİCEF-in birgə təşkilatçılığı ilə “Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis UNİCEF əməkdaşlığı” mövzusunda tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri, qaçqın və məcburi köçkün, əlilliyi olan uşaqlar iştirak edirdilər. Tədbirdə M.Rahim adına 7 nömrəli məktəbin rəhbərliyi və təhsildə yüksək nailiyyətlər göstərmiş şagirdlərimiz də iştirak edirdilər. Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova parlament rəhbərliyi adından yığıncaq iştirakçılarını salamladı.Vitse-spiker tədbirin əlamətdar dövrə təsadüf etdiyini, BMT-nin Uşaq Fondu olan UNİCEF-in 70 illiyi ərəfəsində keçirildiyini bildirdi və yubiley münasibəti ilə təbriklərini çatdırdı.Bu gün bütün dünyada uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ilə əlaqədar təqdirəlayiq işlər görülür. Dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Vitse-spiker xüsusi olaraq vurğuladı ki, ulu öndər Heydər Əliyevin zamanında uşaqların xoşbəxt böyüməsi və firavan yaşaması üçün dövlət səviyyəsində mühüm layihələr həyata keçirilib və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər uğurla davam etdirilir. Toplantıda iştirak edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin çıxışında bildirdi ki, Azərbaycanda uşaqlarla bağlı vəziyyət müsbət istiqamətdə inkişaf edir.Toplantıda deputatlar Aydın Mirzəzadə, Şəmsəddin Hacıyev, Məlahət İbrahimqızı, Tahir Kərimli, Uşaq Hüquqları üzrə Qeyri-Hökumət Təşkilatları Alyansının milli koordinatoru Nabil Seyidov, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova, Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova çıxış etdilər. Çıxışlarda Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, dövlətimizin uşaqlara göstərdiyi qayğı, qarşıda duran vəzifələrdən söhbət açıldı, bir sıra təkliflər səsləndirildi. Yığıncaqda iştirak edən məktəbli uşaqlar Aylin Süleymanova, Mövlanə Əliyeva, Firavan Əlizadə ürək sözlərini bildirdilər. Onlar uşaqların firavan, xoşbəxt böyüməsi üçün dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə etdilər. Tədbirdə UNİCEF-in hazırladığı uşaqlara həsr olunmuş film nümayiş etdirildi.